İdeovate Consulting

Fərdi sahibkarlıq və ya hüquqi şəxs?

“Fərdi sahibkarlıq” və “hüquqi şəxs” anlayışları Azərbaycan qanunvericiliyində iki müxtəlif biznes formalarını bildirir. Fərdi sahibkar hüquqi şəxs yaratmadan biznes sahibi olan və müəyyən edilmiş miqdarda vergiyə cəlb olunan şəxsləri, hüquqi şəxs isə hüquqi bir varlıq olan şirkətləri və ya təşkilatları ifadə edir.

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Hüquqi şəxslər 3 qrupa ayrılır:

  • Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;
  • Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;
  • Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

Publik hüquqi şəxslərin fəaliyyəti AR Mülki Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" və "AR Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq

  • hüquqi şəxsin nizamnaməsini,
  • onun yaradılması üzrə birgə fəaliyyət qaydasını,
  • özlərinin əmlakının ona verilməsi və
  • onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
Paylaş:
Qaynar xətt nömrəsi 0102520651