İdeovate Consulting

ƏMƏK MÜBAHİSƏLƏRİ VƏ MƏHKƏMƏ TƏCRÜBƏSİ

Əmək mübahislərinin yaranması bir qayda olaraq işçilərin əməyi sahəsində hüquq pozuntusunun törədilməsi ilə əlaqədar müşayət olunur. Əmək hüquq pozuntusu dedikdə, əmək hüququ subyektlərinin əmək sahəsində öz üzərilərinə düşən vəzifələrin icra olunmaması və ya lazımı qaydada icra olunmaması, həmçinin əmək hüquq münasibətinin digər subyektlərinin hüquqlarının pozulması nəzərdə tutulur. Elə hallarda olur ki, bir subyektin hərəkəti qanuni hesab olunur, yeni subyekt qanuni hərəkət edir, digər tərəf isə belə hərəkəti qeyri-qanuni hesab edir. Belə halda da hüquq pozuntusu olmasa da, əmək mübahisəsi yarana bilər. Əmək hüquq pozuntusunun olub-olmaması məsələsini yalnız əmək mübahisəsinin araşdırılmasına səlahiyyəti olan orqan müəyyən edir.

1. Əmək münasibətləri

  • Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi
  • İş rejimi, iş vaxtı, istirahət vaxtı, məzuniyyət hüquqları
  • Əməkhaqqı, müavinətlər, mükafatlandırma
  • Təhlükəsizlik və əmək mühafizəsi qaydaları

2. Əmək mübahisələri

  • İşdən qanunsuz çıxarılma
  • Əməkhaqqının gecikdirilməsi və ya ödənilməməsi
  • Məzuniyyətin verilməməsi
  • İş yerində ayrı-seçkilik, psixoloji təzyiq (mobbing)
  • Intizam tədbirləri və onların qanunsuzluğu

3. Mübahisələrin həlli yolları

  • ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi orqanlarına müraciət
  • Mediasiya təşkilatı
  • Məhkəmə iddiaları – ilkin instansiya, apellyasiya və kassasiya mərhələləri

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Belə ki, işçi ilə işəgötürən arasında işdən çıxarılma, əməkhaqqı, ödənilməli olan müavinətlər, məzuniyyət və digər məslələrlə bağlı məhkəmə çəkişləmələrinə tez-tez rast gəlinir. Bəs bu hallarda məhkəmə təcrübəsi necədir? İşçi hüquqlarının qorunması istiqamətində məhkəmələrin mövqeyini necə qiymətləndirmək olar?

Qanunvericiliyin tələbinə uyğun olaraq işçi məhkəməyə müraciət etməmişdən əvvəl ilkin məcburi mediasiya prosedurunu keçməlidir.  Bunun üçün işçi işəgötürənə mövcud mübahisəni mediasiya qaydasında həll etmək üçün aidiyyatı üzrə mediasiya orqanına müraciət etməlidir. (Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır)

Azərbaycan məhkəmə təcrübəsində işçi hüquqlarının qorunması sahəsində müsbət tendensiyalar olsa da, praktiki çətinliklər (xüsusilə sübutetmə, icra prosesi və hüquqi maarifləndirmə sahəsində) qalmaqdadır. Ümumilikdə isə, məhkəmələr işçinin hüquqlarını qorumağa meyllidir, xüsusilə işdən çıxarılma halları və əməkhaqqı mübahisələrində.

 

YEKUN : “Əgər işçi hüquqlarınız pozulubsa, bu hal baş verdiyi andan etibarən dərhal Əmək Müfəttişliyinə müraciət etməli, pozuntu tarixindən etibarən 1 (bir) ay müddətində mediasiya təşkilatına və ya birbaşa məhkəməyə müraciət edərək iddia qaldırmalısınız.”

 

Qaynar xətt nömrəsi 0102520651